Sammit haqqında  

Sammit haqqında

“Dünya dini liderlərinin II Bakı sammiti” Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən keçirilir.

Dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycan Respublikasında sivilizasiyalararası və dinlərarası əməkdaşlığa töhfə verən nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Beynəlxalq ictimaiyyəti narahat edən humanitar problemlər 2008-ci ildən etibarən, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prosesi” çərçivəsində müzakirə olunur. Bu baxımdan, 2010-cu ildə dünya dini liderlərinin Bakıda keçirilmiş Sammitini sivilizasiyalararası əməkdaşlığın inkişafına, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfə hesab etmək olar. Dinlərarası və sivilizasiyalararası əməkdaşlıq ideyalarının davamlı şəkildə təbliğ olunması üçün Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində müxtəlif ölkələrin nüfuzlu din və ictimai xadimlərdən ibarət Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi yaradılmışdır.

Sammit Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi və Şeyxülislamlıq fəaliyyətinin 40 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində, dünyanın müxtəlif regionlarını təmsil edən dini liderlərin, nüfuzlu dövlət, elm və ictimai xadimlərin iştirakı ilə keçiriləcək. Əminik ki, Sammit planetimizin ayrı-ayrı regionlarında gedən mürəkkəb etnik-dini proseslərin və qloballaşan dünyanın müasir çağırışlarının birgə müzakirəsi üçün səmərəli platforma olacaq.