Sammit haqqında  

Şeyxülislam Allahşükür Paşazadə

 

ŞEYXÜLİSLAM HACI ALLAHŞÜKÜR PAŞAZADƏ

       Qafqaz  Müsəlmanları İdarəsinin 12-ci Şeyxülislamı Allahşükür Hümmət oğlu Paşazadə ümumdünya şöhrətli dini lider və ictimai xadim, beynəlxalq aləmdə, xüsusilə İslam dünyasında  yüksək nüfuza malik şəxsiyyətlərdəndir. XX-XXI əsrin qlobal problemlərinin həlli sahəsində dini, elmi və ictimai-siyasi potensialı ilə təqdirəlayiq fəaliyyətlər göstərən Allahşükür Paşazadə bütün Qafqaz bölgəsi və Azərbaycan müsəlman konfessiyasının ali dini rəhbəridir.
Şeyxülislam Allahşükür Hümmət oğlu Paşazadə 1949-cu il avqustun 26-da Azərbaycan Respublikası Lənkəran rayonunun  Cil kəndində anadan olmuşdur. O, orta məktəbdə oxumaqla yanaşı yerli ruhanilərdən dini təhsil almağa müvəffəq olmuşdur. 1968-1970-ci illərdə Özbəkistan Respublikasının Buxara şəhərində “Mir-Ərəb” mədrəsəsində təhsil alan Allahşükür Paşazadə 1971-ci ildə İmam əl-Buxari adına Daşkənd İslam İnstitutunun ilahiyyat fakültəsinə daxil olmuş və 1975-ci ildə bu ali ruhani təhsil ocağını müvəffəqiyyətlə bitirərək tam dini təhsilə yiyələnmişdir. 
Ali təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdan Allahşükür Paşazadə 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsində məsul katib vəzifəsində çalışmış, 1978-ci ildə isə Təzəpir məscidinin axundu və Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini seçilmişdir. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilərək Şeyxülislam rütbəsi almışdır, eyni zamanda  Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədridir. 
Şeyxülislam Allahşükür Paşazadənin elmi-dini və ictimai-siyasi xadim kimi  fəaliyyətini tarixi kəsimlərin real göstəriciləri və faktların ardıcıllığı müstəvisindən  dəyərləndirmək  lazımdır. Belə ki, sovet dövlətinin ateist rejimi illərində dini idarənin rəhbəri seçilən gənc Şeyxülislamın, müsəlman dünyasının bayraqdarı missiyasını Azərbaycan dövlətinin müstəqillik dönəminə qədər gətirib çatdırması – böyük bir tarixin salnaməsi sayılmalıdır. 
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, şeyxülislamlıq dönəminin ilk çağları  sovet rejiminin gərgin kolliziyalı illərinə təsadüf etdiyindən, Allahşükür Paşazadə  müxtəlif siyasi hadisələrin real şahidi və aktiv iştirakçısı olmuşdur. Sovet ordusunun Əfqanıstana qoşun yeritdiyi illərdə, o əfqan ruhani liderləri ilə danışıqlarda iştirak etmiş, sülhməramlı tədbirlərin bilavasitə təşkilatçısı və təbliğatçısı kimi tanınmışdır. Şeyxülislam A.Paşazadənin təşəbbüsü və İslam Konfransı Təşkilatının himayəsi ilə 1986-cı ildə Bakıda “Müsəlmanlar sülh uğrunda mübarizədə”  beynəlxalq İslam konfransı keçirilmiş, konfransın işində dünyanın 60 ölkəsindən 600-dən çox nümayəndə iştirak etmişdir. Təşkilatçılıq qabiliyyəti yüksək dəyərləndirilən Şeyxülislam həzrətləri 1987-ci ildə Moskvada “Nüvə silahsız dünya, bəşəriyyətin xilası uğrunda” beynəlxalq forumun başçısı və həmsədri seçilmişdir.
1988-ci ildən başlayan Ermənistan-Azərbaycan münaqişəsi, torpaqlarımıza qarşı anneksiya iddiaları, milyonlarla həmvətənlərimizin doğma yurdlarından zorla çıxarılması, Dağlıq Qarabağ və ətraf bölgələrdə müharibə vəziyyətinin yaranması Şeyxülislam Allahşükür Paşazadənin ictimai fəaliyyətinə sülh elçisi missiyasını da əlavə edir. O, həmin dövrdən etibarən bütün keçən müddət ərzində  Azərbaycan həqiqətlərinin düzgün şəkildə tanıdılmasında  aktiv mövqe tutur, Qarabağ problemini tanınmış din və dövlət xadimləri ilə yüksək səviyyəli görüşlərdə müzakirə edir, bölgədə sülhün və əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı geniş təbliğat işi aparır. Şeyxülislam Allahşükür Paşazadə Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün rus, gürcü, erməni dini liderləri və beynəlxalq dini təşkilatların rəhbərləri ilə dəfələrlə görüşlər keçirmiş, erməni kilsəsinin rəhbərlərini Qarabağ məsələsi ilə bağlı konstruktiv dialoqa dəvət etmişdir. Münaqişənin dini müstəviyə keçməməsi üçün əlindən gələni əsirgəməyən Şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının vasitəçiliyi ilə Montre (İsveçrə) şəhərində, Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə Rostov, Moskva, Bakı, İrəvan şəhərlərində çoxsaylı görüşlərdə iştirak etmiş, görüşlərin nəticələrinə dair imzalanan birgə bəyannamələrdə Azərbaycanın ədalətli mövqeyini əks etdirən məqamların yer almasına nail olmuşdur.  1995-ci ildə Moskva və bütün Rusiya patriarxı II Aleksi, katolikos I Qaregin və Şeyxülislam Paşazadə tərəfindən imzalanan üçtərəfli “Moskva bəyannaməsi” sayəsində münaqişə bölgəsində əsirlərin, yaralıların və meyitlərin verilməsi barədə müəyyən razılaşma əldə edilmişdir. Ermənistanın Azərbaycana təcavüzünün nəticəsi olaraq işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması ilə bağlı dünya dövlətlərinin başçılarına, parlamentlərinə, beynəlxalq təşkilatlara müraciətlər ünvanlayan Şeyxülislam Allahşükür Paşazadə bu gün də Ermənistanın işğalçılıq siyasətinə hüquqi qiymət verməyə, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən olan Xocalı və Ağdaban (Kəlbəcər ) qətliamına soyqırım statusu verilməsinə çağırır. 
1990-cı ilin Qanlı yanvar hadisələri Şeyxülislam Allahşükür Paşazadənin tərcümeyi-halında kulminasiya nöqtəsi sayılmalıdır, çünki məhz o tarixi hadisələrin fövqündə  -  sovet ordusunun Bakıya daxil olması, dinc əhalinin qətlə yetirilməsi, yerli hakimiyyətin tam iflic vəziyyətinə düşməsi, ölkənin taleyinin qərarsızlığı dönəmində  bir din xadiminin təhdid və təzyiqlərə baxmayaraq xalq kütlələrinə öncüllük etməsi, ölkəni xaos və qaraguruhdan xilas etməsi fenomenal tarixi fakt olaraq yaddaşlarda qalacaqdır. Sovet dövlətinin başçısı Mixail Qorbaçova ünvanlanan ittihamnamə, həmçinin BMT-nin Baş katibi Peres de Kuelyara, bütün dövlətlərin və dinlərin başçılarına göndərilən müraciətlər Azərbaycanın müstəqillik tarixində imperiya siyasətini lənətləyən ilk manifest sayılmalıdır -  faktiki olaraq, Moskvadan Bakıda törədilən dövlət cinayətinə öz hiddət və etirazını bildirən, dünya ictimaiyyəti qarşısında SSRİ rəhbərliyini ifşa edən Ümummilli lider Heydər Əliyev, Azərbaycandan isə M. Qorbaçova – azərbaycanlıların qatilinə nifrət və qəzəblə dolu açıq müraciət ünvanlayan Şeyxülislam Hacı Allahşükür Paşazadə olmuşdur. 
Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyət dairəsi təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır; Qafqaz bölgəsinin ən nüfuzlu din xadimi kimi 1992-ci ildə Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilən Allahşükür Paşazadə Çeçenistan və İnquşetiyada dini təfriqə salan radikal təmayüllü qüvvələrin xalqa zidd əməllərinin qarşısının alınmasında əməli tədbirlər görmüş, “Qafqaz evi” çərçivəsində bölgədə barış mühitinin formalaşması istiqamətində gərgin fəaliyyət göstərmişdir. O, Qafqaz müsəlmanlarının ali dini rəhbəri kimi iştirak etdiyi bütün qurum və təşkilatlarda bu bölgənin xalqlarının maraqlarını ən yüksək səviyyədə qoruyur və onların haqq işini müdafiə edir. 1999-cu ildə Rusiya Federasiyasının prezidenti Boris Yeltsinə çeçen xalqının məhvinə yönəldilən siyasətini tənqid edən etiraz müraciəti göndərərək, İslam ekstremizmi və terrorizmi ilə mübarizə şüarından sui-istifadə edərək, bütöv xalqın terrorçu, ekstremist, cinayətkar adlandırılmasını qətiyyətlə pisləmişdir.  
Şeyxülislam Allahşükür Paşazadə müsəlman həmrəyliyi prinsipindən çıxış edərək Yaxın Şərqdə və müsəlman dünyasında baş verən kütləvi qırğınlarla  bağlı öz etiraz səsini ucaltmış, sivilizasiyanın beşiyi sayılan bu ərazilərdə yerləşən müqəddəs ziyarətgahların, qədim tarixi abidələrin mühafizə olunması üçün beynəlxalq təşkilatlar və dövlətlər qarşısında məsələ qaldırmışdır. O, ABŞ ordusunun suveren Əfqanıstan və İraqa müdaxiləsini, Fələstin, Livan, Misir, Suriyada hərbi münaqişələri, terrorçu İŞİD qruplaşmasının törətdiyi cinayətləri, eləcə də təkfirçi zehniyyətə malik ideoloji cərəyanların təxribatını qətiyyətlə pisləmiş, din xadimi olaraq dünyada sülhə və əmin-amanlığa nail olunması istiqamətində fəaliyyət göstərməyi özünün müqəddəs borcu hesab etmişdir. 
Şeyxülislam Allahşükür Paşazadə mötəbər beynəlxalq konfransların yüksək kürsülərindən dinlərarası dialoq və əməkdaşlıq, xalqlar və dövlətlər arasında münaqişə yaradan problemlərin sülh yolu ilə nizamlanması ideyasını, tolerantlığı və multikultural münasibətləri ardıcıl təbliğ edir, xalqlar və dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi naminə daim xoş məram nümayiş etdirir və əməli fəaliyyət göstərir. O, bir çox beynəlxalq miqyaslı tədbirlərin, elmi-praktik konfransların Bakıda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. 1998-ci ildə Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə Bakıda “Müasirlik və dini-mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfrans keçirildi. Müstəqilliyinə qovuşduqdan sonra Azərbaycanda dini-mənəvi dəyərlərin dirçəldilməsi istiqamətində görülən işlər, dövlətin dinə göstərdiyi qayğı bu konfransda rəğbətlə vurğulandı. Allahşükür Paşazadə həmçinin 2003-cü ildə “Allahın lütfü, xalqın xilaskarı”, 2004-cü ildə “Qloballaşma və islam”, 2005-ci ildə “Qloballaşan dünyada islam”, 2006-cı ildə “Tolerantlığın örnəyi – Azərbaycan”, “İslamda dözümlülük”, 2013-cü ildə “MDB ölkələri sülh və stabil inkişaf tərəfdarıdır”, 2014-cü ildə “Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)”, 2015-ci ildə “İslam maarifçiliyi və müasir dövr” mövzularında keçirilən beynəlxalq konfranslara rəhbərlik etmişdir. 
Qafqaz Müsəlmanları İdarəsini nəzdində yaradılmış “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin rəhbəri olan Şeyxülislamın təşəbbüsü ilə 2018-ci ildə İspaniyada “Dinlərin sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda III Beynəlxalq Madrid Konfransı, Almaniyada  «Dinlər və sivilizasiyalar arası dialoqdan əməkdaşlığa doğru» Berlin Konfransı, 2019-cu ildə Avstriyada  “Sivilizasiyalar və dinlər arası dialoqdan bəşəri həmrəyliyə doğru” mövzusunda Vyana konfransları keçirilmiş və bu tədbirlər geniş ictimaiyyətin böyük marağına səbəb olmuşdur.
Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurasının həmsədri olan Allahşükür Paşazadənin təşkilatçılığı ilə 2002-ci ildə Tbilisidə “Qafqazda sülh uğrunda əməkdaşlıq” beynəlxalq forumu, 2004-cü ildə Moskvada Beynəlxalq dinlərarası sülhyaratma forumu, təşəbbüsü ilə 2006-cı ildə Dünya Dini Liderlərinin Moskva Sammiti, 2010-cu ildə Dünya Dini Liderlərinin Bakı Sammiti keçirilmişdir. 
Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı II Aleksi ilə birlikdə BMT yanında Dinlərin Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Nəticədə müsəlman, xristian və yəhudi din xadimlərinin UNESCO nəzdində formalaşdırılması nəzərdə tutulan yüksək səviyyəli Məşvərət qrupunda Allahşükür Paşazadənin müsəlman din xadimlərini təmsil edəcəyi qərara alınmışdır. O, 2009-cu ilin iyulunda UNESCO-nun yanında yaradılan din xadimlərinin yüksək səviyyəli Məşvərət qrupunun üzvü seçilmişdir. Xristian aləmində böyük nüfuz və ehtiram sahibi olan Allahşükür Paşazadə, eyni zamanda 2006-cı ildən Roma Katolik və Rus Pravoslav kilsələrinin təklifi ilə katolik-pravoslav məzhəblərarası əlaqələr komissiyasının üzvüdür.  
Şeyxülislam Allahşükür Paşazadənin elmi fəaliyyəti xüsusi diqqət kəsb edir. O, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır, 1999-cu ildən isə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin professorudur.  Tarix və ilahiyyat elmləri üzrə “Qafqazda islam”, “İslamda ümmət və şüubilik”, “Quranın təfsiri və tərcüməsi tarixi”, “Qurani-Kərimin ilahi hökmləri və öyrənilməsi”, “İslamda şəhidlik”, “Milli münasibətlər və din”, “Qurani-Kərimin ecazkarlığı”, “Qurani-Kərimdə insan təbiəti” adlı monoqrafiyaların, elmi əsərlərin və çoxsaylı məqalələrin müəllifidir. 
Elmi fəaliyyətində bəşərin istiqbalına yönəlmiş təcrübi elmlərlə ilahi dini biliklərin vəhdətini önəmli bilən professor Allahşükür Paşazadə Azərbaycanda bu sahədə müstəsna xidmətləri olan şəxslərdəndir. Onun təkidi ilə uzun illər boyunca qapalı olan Bakı İslam mədrəsəsi 1989-cu ildə təsis edilmiş, 1991-ci ildən Bakı İslam Universiteti kimi fəaliyyət göstərməyə başlamışdır. Dini maarifi, İslamın elmi şəkildə tədris olunmasını önə çəkən Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə 1997-ci ildə isə Qafqaz Müsəlmanları İdarəsi nəzdində görkəmli elm və din xadimlərindən ibarət Elmi-Dini Şura yaradılmışdır. Qloballaşma dönəmində dini maarifçiliyin böyük əhəmiyyət kəsb etməsi fikrini önə sürən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2015-ci ildə keçirilən “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfransın təşkilatçısı olmuşdur.
İslami biliklərin təbliği və təşviqi sahəsinə verdiyi elmi töhfələrə görə Şeyxülislam Allahşükür Paşazadə 1986-cı ildə İordaniya İslam Mədəniyyəti Kral Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmiş, Beynəlxalq Fiqh Akademiyasının həqiqi üzvü, 2008-ci ildə yaradılmış Beynəlxalq Fiqh Təşkilatının həmtəsisçisidir. 
Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Ümumdünya İslam Konqresi, Ümumdünya Sülh Şurası, Avrasiya İslam Şurası, “Vicdana çağırış” Beynəlxalq Fondu, KAİCİİD Beynəlxalq mədəniyyətlərarası Dialoq Mərkəzinin və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların rəyasət heyətlərinin üzvüdür. Dünyada sülhün əldə olunması və tolerantlığın bərqərar edilməsi sahəsində uğurlu fəaliyyətinə görə 2007-ci ildə Sülh Fondları Beynəlxalq Assosiasiyası, Ümumdünya Veteranlar Federasiyası və “Xalq yaddaşı” Beynəlxalq Veteranlar Fondunun təsis etdikləri xatirə medalları ilə təltif olunmuşdur. 
Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan xalqı qarşısında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycanın ali mükafatları olan “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenləri, Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu və bu il anadan olmasının 70 illiyi, Şeyxülislamlıq fəaliyyətinin 40 illiyi ilə əlaqədar ölkənin ən ali mükafatı “Heydər Əliyev” ordeni ilə təltif olunmuşdur. Şeyxülislam Allahşükür Paşazadənin çoxsahəli fəaliyyəti dünyanın böyük dövlətləri və dini qurumları tərəfindən də yüksək qiymətləndirilmiş və o, bir çox ali mükafatlara layiq görülmüşdür. 
Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə 2005-ci ildə “Şeyxülislam ordeni” təsis edilmişdir. Bu ordenə ilk dəfə sülhün, tolerantlığın, mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafı istiqamətində böyük xidmətlərinə görə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev layiq görülmüşdür. 2005-2014-cü illər ərzində bu mükafat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Moskva və bütün Rusiya Patriarxları II Aleksi və Kiril, İslam Konfransı Təşkilatının Baş Katibi Ekmələddin İhsanoğlu, Türkiyə Cümhuriyyətinin Baş Naziri Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov, Ümumgürcüstan Katolikos-Patriarxı II İliya, Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədova verilmişdir.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvüdür. Eyni zamanda o, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, dini-tarixi abidələrinin bərpası, ənənəvi adətlərimizin yeni formada inkişafı naminə irəli sürülən bir çox layihələrin müəllifi kimi tanınmışdır. Məhz Allahşükür Paşazadənin şeyxülislamlığı dönəmində yüzlərlə dini abidələrimiz həyata qaytarılmış, dindarların etiqad azadlığı və ibadət hüququ bərpa edilmişdir. Şeyxülislam həzrətləri Məhərrəm ayının Aşura günlərində simvolik qan çıxarılması ayininin mahiyyətinin saxlanılması şərti ilə, onun cəmiyyət baxımından daha əhəmiyyətli bir tədbirə çevrilməsinə nail olmuşdur. Azərbaycanın bir çox məscid və ziyarətgahlarında İmam Hüseynin (ə) xatirəsinə qanvermə aksiyalarında iştirak edən müsəlmanlar həm müqəddəslərə olan ehtiramını nümayiş etdirir, həm də xəstə insanlara real kömək göstərmələrindən məmnun olurlar. Belə ki, irsi qan xəstəliklərindən əziyyət çəkən insanların, xüsusilə talassemiyalı uşaqların ehtiyaclarının ödənilməsi istiqamətində təmənnasız qan verilməsi aksiyalarının təşkili və həyata keçirilməsi Şeyxülislam Allahşükür Paşazadənin adı ilə bağlıdır.
Şeyxülislam Allahşükür Paşazadə bu gün Azərbaycan xalqının taleyi ilə bağlı, nəinki müsəlman aləmində, hətta dünyada gedən ictimai-siyasi proseslərin, qlobal məsələlərin həllində yaxından iştirak edir və bu işıqlı yolda var qüvvəsini əsirgəmir. Şeyxülislam Allahşükür Paşazadə, Hidayət yolunun müdrik səyyahı kimi hər zaman öndə gedir və milyonlarla dindarı öz ardınca aparır. 

Qəmər CAVADLI
Fəlsəfə doktoru, QMİ sədrinin müavini